• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » TƏDBİRLƏR

Mingəçevir və Göyçayda İctimai Şuraların yaradılması üzrə seminarlar keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev ictimai iştirakçılığı təmin edən hüquqi mexanizmlərdən danışıb

  Əlavə edilmə tarixi: 29.01.2015    Son yenilənmə tarixi: 29.01.2015

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, ABŞ və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində yanvarın 22-də Göyçay rayonunda və Mingəçevir şəhərində İctimai Şuraların yaradılması üzrə məlumatlandırma seminarları təşkil edib. “Sosial Tərəqqi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən seminarlarda bildirilib ki, məqsəd qərarvermə prosesində mövcud ictimai iştirakçılıq imkanları haqqında məlumatlılığı artırmaqdan ibarətidir.
Toplantılarda ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlik dövlət siyasəti, İctimai İştirakçılıq haqqında Qanunun qəbulu və bu qanundan irəli gələrək yaradılacaq İctimai Şuraların əhəmiyyəti, QHT-hökümət münasibətlərinin yeni mərhələsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühiti, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunması və dövlətin idarə olunmasında vətəndaş iştirakçılığının təmin olunması istiqamətində məlumatlar verilib. Seminarlarda 2014-cü ildə qüvvəyə minən Azərbaycan Respublikasının İctimai İştirakçılıq haqqında Qanununun tətbiqi məsələlərinə xüsusi diqqət ayrılıb. Bu qanunla Azərbaycan Hökuməti vətəndaş cəmiyyəti inistitutlarına idarəetmədə vətəndaş iştirakçılığını təkmilləşdirmək üçün daha uğurlu və əlverişli imkan yaratmış olub.
Tədbirlərdə “Sosial Tərəqqi” İctimai Birliyinin sədri Qalib Nəbiyev çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlik dövlət siyasəti, icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunması və idarəçilik və vətəndaş iştirakçılığının təmin olunması istiqamətində məlumatlar verib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, ekspert Əliməmməd Nuriyev seminarlarda ictimai iştirakçılığı təmin edən hüquqi mexanizmlər üzrə ən yaxşı yerli və beynəlxalq təcrübənin təqdimatını və müzakirəsini keçirib. Şura üzvü Ə.Nuriyev "İctimai İştirakçılıq" haqqında Qanunun qəbulunu Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi baxımından çox mühüm bir hadisə olduğunu qeyd edib. O, Azərbaycan hökumətinin bu addımını indiyə qədər ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.
Xatırladaq ki, “Sosial Tərəqqi” İctimai Birliyinin təşkilatçılığı ilə artıq Yevlax, Goranboy, Samux, Göygöl, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Ucar, Ağdaş, Bərdə və Ağcabədi rayonlarında da bu cür seminarlar keçirilib.

Baxılma sayı: 1529

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: