• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə milli mətbuatımızın yaranmasının 145-ci ildönümü münasibətilə "Mətbuatın bu günü" adlı onlayn görüş keçirilib.

"Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı və Mingəçevir şəhər ASAN Xidmət Mərkəzinin tərəfdaşlığı ilə milli mətbuatımızın yaranmasının 145-ci ildönümü münasibətilə "Mətbuatın bu günü" adlı onlayn görüş keçirilib. Görüşdə Mingəçevirdə fəaliyyət göstərən mətbuat işçiləri, müəssisənin əməkdaş və könüllüləri, Mingəçevir Dövlət Universitetinin tələbələri, ASAN Xidmət Mərkəzinin əməkdaş və könüllüləri iştirak edib.

  Əlavə edilmə tarixi: 23.07.2020    Son yenilənmə tarixi: 24.07.2020

"Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı və Mingəçevir şəhər ASAN Xidmət Mərkəzinin tərəfdaşlığı ilə milli mətbuatımızın yaranmasının 145-ci ildönümü münasibətilə "Mətbuatın bu günü" adlı onlayn görüş keçirilib. Görüşdə Mingəçevirdə fəaliyyət göstərən mətbuat işçiləri, müəssisənin əməkdaş və könüllüləri, Mingəçevir Dövlət Universitetinin tələbələri, ASAN Xidmət Mərkəzinin əməkdaş və könüllüləri iştirak edib.

Görüş zamanı açılış nitqi ilə çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində hər zaman fərqlənmələrini arzulayıb. Milli mətbuatın yaranması tarixi və keçdiyi inkişaf yolundan danışan Samrin Xanlayev Həsən Bəy Zərdabinin xidmətlərini xüsusilə vurğulayıb, böyük çətinliklə ərsəyə gətirdiyi "Əkinçi" qəzetinin yaratdığı məktəbə və özündən sonrakı mətbuat orqanlarının yaranmasındakı roluna diqqət çəkib.

Daha sonra çıxış edən Mingəçevir Televiziyasının keçmiş müxbiri, Mingəçevir Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyev milli mətbuatımızın yaranmasına zəmin yaradan amillərdən, "Əkinçi" qəzetinin yaranması zamanı Həsən Bəy Zərdabinin qarşılaşdığı çətinliklərdən, qəzetin bağlanmasına çalışan qüvvələrin göstərdiyi təzyiqlərdən danışıb. Bu günkü mətbuatımızın vəziyyəti ilə bağlı fikirlərini bölüşən Nazim Niftəliyev mətbuat işçilərini təbrik edib.

"Mingəçevir İşıqları" qəzetinin baş redaktoru Fərman Nəbiyev öz təcrübələrini bölüşüb. "Mingəçevir İşıqları" qəzetinin ilk yaranması illərindən və bu dövrdə yaşadıqları çətinliklərdən danışan Fərman Nəbiyev hazırkı dövrdə qəzetə olan tələbatın azaldığını qeyd edib, qəzetin günün tələblərinə uyğun olaraq hazırda fəaliyyətini onlayn şəkildə davam etdirdiyini bildirib.

"Mingəçevir İşıqları" qəzetinin redaktor müavini Yeganə Nəbiyeva müasir jurnalistikanın vəziyyətindən danışıb. Hazırkı dövrdə satışı və çoxsaylı oxunmanı təmin etmək məqsədilə bəzi jurnalistlər tərəfindən dezinformasiyalara yol verildiyini diqqətə çatdırıb və gəncləri bu informasiyalara inanmamağa çağırıb.

Daha sonra çıxış edən jurnalist İxtiyar Həsənli Mingəçevirdə jurnalistikanın qarşısında duran başlıca maneələrə diqqət çəkib, bu problemlərin həlli ilə bağlı öz fikirlərini bölüşüb.

Görüş gənclərin sualları və müzakirələrlə davam edib. Sonda mətbuat işçilərimiz jurnalist olmaq istəyən və bu sahəyə yeni başlayan gənclərə öz tövsiyələrini verib, onları hər zaman doğru xəbəri paylaşmağa, xəbər hazırlayarkən bir neçə mənbəyə istinad etməyə çağırıb.

 

Baxılma sayı: 231

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: