• ƏSAS SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • MULTİMEDİA
  • TƏŞKİLATLAR
  • REGİON GƏNCLƏRİ
  • KARYERA
  • ƏLAQƏ
MİNFO.AZ » XƏBƏRLƏR

Gənclərimizin şəxsi inkişafı üçün çalışan Mingəçevir Gənclər Evinin 7 ili tamam olur

7 ili tamam olan “Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi Mingəçevir və ətraf regionlardan olan yeniyetmə və gənclərin həyatına, düşüncə tərzinə yenilik gətirməklə onların şəxsi inkişafına təkan verib.

  Əlavə edilmə tarixi: 17.04.2020    Son yenilənmə tarixi: 18.04.2020

Bu gün 7 ili tamam olan “Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi Mingəçevir və ətraf regionlardan olan yeniyetmə və gənclərin həyatına, düşüncə tərzinə yenilik gətirməklə onların şəxsi inkişafına təkan verib. Yarandığı gündən etibarən gənclərin vətəni və xalqına bağlı vətənpərvər, sağlam düşüncəli bir şəxs kimi yetişməsi, onların intellektual inkişafı, cəmiyyətdə fəal iştirakının təmin edilməsi, təşəbbüslərinin dəstəklənməsi kimi məqsədləri qarşıya qoyan Gənclər evi bu illər ərzində öz hədəflərini layiqincə yerinə yetirib.

Mingəçevir Gənclər evi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.1.5 yarımbəndinə müvafiq olaraq 16 aprel 2013-cü il tarixində ölkə başçısının şəxsən iştirakı ilə istifadəyə verilib. 

Geniş və müxtəlif sahələri əhatə edən fəaliyyəti ilə diqqət cəlb edən müəssisədə gənclərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, intellektual inkişafının dəstəklənməsi, gənclərdən ibarət intellektual bazanın yaradılması, eyni zamanda onlarda ekoloji biliklərin formalaşdırılması, nitq bacarıqlarının inkişafı məqsədilə mütəmadi olaraq təlim və aksiyalar, intellektual və debat yarışları keçirilir. Müəssisədə rəsm, rəqs, musiqi istedadı olan yaradıcı gənclərə bu bacarıqları nümayiş və inkişaf etdirmək imkanı yaradılır. Şəhərimizin, eyni zamanda ölkəmizin turizm potensialının üzə çıxarılması, tariximizin gənclər arasında təbliği məqsədilə müxtəlif regionlara infoturlar təşkil edilir.

Yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq olması, onlar arasında sağlam həyat tərzinin təbliği, başqalarının hüquqlarını pozmadan öz hüquq və azadlıqlarını bilmələri və ona uyğun davranmaları məqsədilə müəssisənin psixoloq və hüquqşünası tərəfindən mütəmadi işlər görülür, onlar üçün məsləhət saatları təşkil edilir. Son 3 ildə 427 nəfər psixoloji, 835 nəfər isə hüquqi xidmətlərdən yararlanıb.

Rəsmi fəaliyyətə başlamazdan öncə gənclərə könüllü xidmət göstərən Mingəçevir Gənclər evi üçün könüllü fəaliyyətin təşkili əsas məsələlərdən biridir. Könüllülər burada Gənclər evinin iş prinsipi ilə tanış olur, təşkilati işlərdə aktiv iştirak edərək, gələcək fəaliyyətləri üçün təcrübə toplayırlar. Könüllü fəaliyyət zamanı gənclərə kollektivin bir üzvü kimi yanaşılır, fərdi keyfiyyətləri nəzərə alınmaqla müxtəlif istiqamətlərə yönləndirilir. 

7 illik fəaliyyəti ərzində Mingəçevir Gənclər evi bir çox yerli, regional və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edib.  Bu gün beynəlxalq təşkilatlarla əlaqəsi olan Gənclər evlərindən biri, bəlkə də birincisi olan müəssisə mövcud əlaqələrlə kifayətlənmir və bu əlaqələri genişləndirməkdə davam edir. 

Bu illər ərzində uğurlu fəaliyyəti ilə Mingəçevir və ətraf regionlardan olan sakinlərin sevgisini və etimadını qazanan Gənclər Evi bir çox ilklərə də imza atıb. Gənclər evləri olmayan regionlarda müəssisənin imkanlarına əlçatanlığı təmin etmək məqsədilə “Səyyar Gənclər Evi” təlim proqramının icrasına başlanılıb. Mingəçevir Gənclər evinin təşəbbüsü və təşkilatçılığı ilə regionda ilk dəfə olaraq “Region Könüllülərinin İnkişaf Forumu” keçirilib. Forum zamanı “Region Könüllüsü” Gənclər Hərəkatına start verilib. Gənclərin peşə və karyera seçimində onlara dəstək olmaq və stimul vermək məqsədilə  “Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” adlanan proqramın icrasına başlanılıb. Mütəmadi olaraq keçirilən Mingəçevir və ətraf regionlardan olan gənclərin iştirak etdiyi intellektual yarışlar çərçivəsində regionda ilk dəfə olaraq ingilis dilində "Nə? Harada? Nə zaman?" formatında yarış baş tutub. Şəhidlərimizin xatirəsinə hörmətlə yanaşan müəssisənin əməkdaş və könüllüləri onların əmanətlərini də unutmur. İlk dəfə 2019-cu il 8 mart tarixində Aprel şəhidlərinin ailələrində olaraq xanımları təbrik edən əməkdaşlar və könüllülər ölkə səviyyəsində kampaniyanın başlanğıcını qoyublar. 

Hər zaman ilklər və yeniliklərlə yadda qalan Mingəçevir Gənclər evinin yeni hədəfləri və qarşıda onları gözləyən yeni məqsədləri var. Müəssisənin gələcək fəaliyyətində əsas məqsədi daha çox yeniyetmə və gənci cəlb etməklə, onlara özünü inkişaf etdirmək imkanı qazandırmaqdır. Bu məqsədlərdən biri də beynəlxalq təşkilatlarla yaradılan əməkdaşlıq çərçivəsində onların təcrübələrindən faydalanmaqla daha keyfiyyətli xidmət göstərmək, gənclərin mübadilə proqramı vasitəsilə xarici ölkələrdə təcrübə keçməsinə şərait yaratmaqdır. Bunun  üçün artıq ilkin addımlar atılıb. Gənclərin düzgün karyera seçimi və planlaşdırılmasına,  dəstək olmaq, peşə istiqamətində bacarıqlarının üzə çıxarılması və artırılması məqsədilə görülən işlərin yeni səviyyədə həyata keçirilməsi qarşıya qoyulan vəzifələrdəndir.

Mingəçevir Gənclər Evi 2 fevral Azərbaycan gəncləri günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən 2019-cu ildəki uğurlu fəaliyyətinə görə təltif edilib. 

Biz də Mingəçevir Gənclər evinə gələcək fəaliyyətində uzunömürlülük və yeni uğurlar arzu edirik.

Baxılma sayı: 317

XƏBƏRƏ AİD ŞƏKİLLƏR: